BU GÜN AZƏRBAYCANDA OD ÇƏRŞƏNBƏSİ QEYD EDİLİR

Bugün Azərbaycanda od çərşənbəsi qeyd olunur. Novruz bayramının müjdəçilərindən olan və ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi də tanınır. Adətə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün mənfilikləri, çirkabı yandırırlar.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılıb. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilib və qorunumağa çalışılıb. Həmçinin tonqal haqqında ümumi məlumatlara "Kitabi Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılıb. Buna əsasən "Dədə Qorqud” filmi çəkildi, hətta həmin kinoda da tonqalın qalanması və bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə göstərilib. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar", "Od çərşənbəsində ocağı boş qoymazlar", "Ocağı şər vaxtı söndürməzlər"... İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır. Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu.