TƏHSİL NAZİRLİYİ TELEDƏRSLƏRƏ START VERİR

Bu gündən başlayaraq həftənin beş günü saat 10:00-dan 16:00-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə başlanılıb.

Koronavirusla bağlı məktəblərin tətil edildikdən sonra Təhsil Nazirliyi teledərslərə başlamaq qərarına gəlib. Beləki, nazirlikdən bildirilib ki, ibtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdləri üçün həftənin 5 iş günü, müstəqil öyrənmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri üçün isə həftədə 2 dəfə “Mədəniyyət” kanalının ekranı teledərslər keçiriləcək. Bütün sinifləri əhatə edəcək teledərslərdə dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. İbtidai siniflərdə “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci siniflərdə isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək. Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Unutmayın ki, öyrənmə yalnız sinif otağında deyil, ekran qarşısında da mümkündür. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilər.