TÜRKİYƏ VƏ RUSİYA XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

Türkiyənin Antalya şəhərində Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib. Qapalı formatda keçən danışıqlarsan sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Danışıqların yekununda jurnalistlər üçün mətbuat konfransı keçirilib.Rusiya əmindir ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Zaqafqaziyada çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.“Cənubi Qafqazdakı vəziyyəti, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində keçən il noyabrın 9-da və bu il yanvarın 11-də əldə olunan razılaşmaları ətraflı müzakirə etdik. Bakı və Yerevana inam tədbirlərinin gücləndirilməsi də daxil olmaqla, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndirmək üçün razılığa gəldik. Biz atəşin dayandırılması və bütün hərbi əməliyyatlara nəzarət edilməsi üzrə Azərbaycanın Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunuq”, - deyə S.Lavrov bildirib.O, danışıqlar zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd edib və ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının 17-ci iclasının iyulun 30-da Moskvada keçiriləcəyini xatırladıb.