“Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü – 7 apreldə işıq üzü görüb. «Molla Nəsrəddin» jurnalı 25 il ərzində müəyyən fasilələrlə Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub.
Onun Tiflis dövrü 1906-1918-ci illəri, Təbriz dövrü 1921-ci ili, Bakı dövrü isə 1922-1931-ci illəri əhatə edib. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb. Onun təsisçisi, Mirzə Cəlil adı ilə tanınan istedadlı yazıçı və gözəl publisist Cəlil Məmmədquluzadə bu hadisənin əhəmiyyətini qiymətləndirərək yazırdı ki, «Molla Nəsrəddin» jurnalını təbiətin özü yaratdı. 1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Və bu günün hər il ayrı mövzusu olur. Bu ilin mövzusu da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən seçilmiş Beynəlxalq tibb bacısı və mamalıqdır. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi,hüquq elmləri doktoru Çingiz Abdullayevin doğum günüdür. 1959cu aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır.