SƏHİYYƏ VƏ TİBB ELMİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev iyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov görüşdə iştirak edib. Görüşdə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın 2001-ci il 18 iyun tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında 16 maddədən ibarət “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi” çərçivəsində həyata keçirildiyini bildirib.Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq, pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı testlər və “Sputnik V” vaksininin verilməsinə görə Rusiya tərəfinə minnətdarlığını bildirib.Azərbaycan səhiyyə nazirinin birinci müavini ötən yay Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun ölkəmizə səfər etdiyini və yeni növ koronavirus infeksiyası sahəsində çalışan mütəxəssislər qrupunun gəldiyini xatırladıb. Onun sözlərinə görə, rusiyalı mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib.Teymur Musayev, həmçinin 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasiminin olduğunu xatırladıb. O qeyd edib ki, Rusiyanın beynəlxalq reytinqdə ən yaxşı tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb.Öz növbəsində Rusiyanın səhiyyə naziri Mixail Muraşko qeyd edib ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qərarlarına uyğun olaraq həyata keçirilir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.Daha sonra Teymur Musayev və Mixail Muraşko “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.Sənəd “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi” barədə məlumatları özündə əks edir.Yol xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər, tibb işçilərinin ixtisaslarının təkmilləşməsi, tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması, elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və sair əks etdirir.Bundan əlavə, sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi, prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və sair əks etdirilib.