SƏBƏTLƏR KƏNDİNDƏ ŞƏHİDLƏRİN ANISINA ABİDƏ UCALDILDI.

Qubada şəhidlərin xatirəsinə ucaldılmış daha bir abidə kompleksinin açılışı oldu Torpaq uğrunda ölən varsa Vətəndir. Bu yurd uğrunda, bu torpaq uğrunda neçə-neçə qəhrəman vətən oğulları düşmən gülləsinə öz sinələrini sipər edərək vətəni yağılardan qoruyublar. Azərbaycan xalqı vətən torpağı uğrunda canından, qanından keçən igidlərini heç zaman unutmur, onların əziz xatirəsini daim qəlblərində yaşadır. Respublikanın hər yerində olduğu kimi Qubada da şəhidlərimiz unudulmur, onların adlarının əbədiləşdirilməsi yolunda bir sıra işlər görülür. Artıq demək olar ki, rayonun hər kəndində, hər qəsəbəsində şəhidlərin xatirələrini əbədiləşdirmək üçün abidə kompleksləri, şəhid bulaqları inşa edilərək bir qürur yeri, and yeri kimi istifadəyə verilib. Rayonun Səbətlər kəndində növbəti belə bir abidə kompleksinin açılışı oldu. Kompleksin açılış törənində oncə dövlət himni səsləndirildi, sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Abidə kompelksin açılış törənində çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qeyd etdi ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan belə abidə kompleksləri vətənpərvərlik örnəyidi. Həmçinin vurğulandı ki, şəhidlərimiz öz qanlarıyla adlarının Tarixin qızıl səhifələrinə yazdırıblar. Torpaq uğrunda ölən varsa Vətəndir abidə kompleksinin memarı Fəxri Aydəmir də öz çıxışında vurğuladı ki, bu abidə komplekslə bir vətənprərvərlik salnaməsi canlandırıblar.