SUSAY KƏNDİNİN İŞIQ MƏSƏLƏSİ DÜZƏLİR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Susay kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı bilgi verilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Susay kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Susay kəndində yerləşən 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan naməlum əsgərin məzarı və Susay kənd tam orta məktəbində yaradılmış Birinci Qarabağ müharibəsi şəhidi Aynəddin Babayevin xatirə guşəsi ilə tanış olub.