Sahibkarlardan rüşvət tələb edənlər cəzalanacaq

AQTA: qurumun adından istifadə edənlərin qanunazidd əməllərinin qarşısı alınacaqdır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi onların adından sui-istifadə etməklə kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə və əsassız tələblərin irəli sürülməsi faktları ilə bağlı Agentliyə vətəndaşlar tərəfindən müraciətlər daxil olduğu barədə məlumat yayıb. Agentlik sahibkarları belə hallara qarşı ayıq-sayıq olmağa çağırır

Son dövrlər Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından sui-istifadə etməklə kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə və əsassız tələblərin irəli sürülməsi faktları ilə bağlı Agentliyə vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Daxil olan müraciətlər araşdırılaraq hüquqi qiymətini tapması üçün hüquq mühafizə orqanlarına göndərilir. Həmin qanunsuz əməllərlə əlaqədar artıq aidiyyəti qurumlar tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər də var.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlərə baxmayaraq, son günlər ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərən kiçik marketlərdə özünü Agentliyin faktaraşdırıcı missiyası adı ilə təqdim edən və mağazalarda yoxlama aparılmaması müqabilində rüşvət tələb edən şəxslərlə bağlı məlumatlar da daxil olur.

Agentlik vətəndaşları və qida sahəsində fəaliyyət göstərən sahibkarları qurumun adından sui-istifadə edərək dələduzluq yolu ilə əsassız tələblər irəli sürən belə fırıldaqçılara qarşı ayıq-sayıq olmağa və həmin hallarla qarşılaşarkən dərhal hüquq mühafizə orqanlarına, yaxud Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verməyə çağırır.

Dövlət orqanının nüfuzuna xələl gətirməyə cəhd göstərənlərlə əlaqədar qanunvericilik çərçivəsində ən sərt tədbirlər görüləcək və qanunazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.