RUSİYA YENİ MÜHARİBƏNİN ASTANASINDA

II Dünya Müharibəsindən bir az öncə kəskinləşən Finlandiya və sovet hökuməti münasibətləri Moskva sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Müqaviləyə əsasən beynəlxalq arenada nüfuzunu itirən SSRİ qismən də olsa arzusuna çataraq, Finlandiyanın 11 % ərazisinə sahiblənmiş, əvəzində isə finlər suverenliklərini qoruyub saxlaya bilmişdi. Bəhs etdiyimiz yaxın keçmiş bu gün Ukraynada təkrarlanır desək, heç də yanılmarıq. Rusiya – Ukrayna müharibəsinin başlama səbəbi kimi göstərilən NATO – nun genişlənməsi, hələ də dayanmayıb. Üstəlik Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzv olması məsələsi gündəmdədir. Finlandiyanın NATO – ya üzv olması Rusiya ilə 1300 km. – lik sərhədin ələ keçirilməsi, Rusiyaya qarşı növbəti cəbhənin açılması deməkdir. Onsuzda Ukraynada dalana dirənən Rusiya üçün bu qəbuledilməzdir. Üstəlik İsveçin də alyansa üzv olması rusların Baltik dənizində tamamən əhatəyə alınmasına səbəb olacaq. Bu reallığı anlayan rəsmi kreml, sözügedən iki skandinaviya ölkəsinin gözünü qorxutmaq üçün onları yeni müharibə ilə, hətta nüvə təhlükəsi ilə təhdid edir.