RUSİYA VƏ TÜRKİYƏ VƏTƏNDAŞLARI HAVA YOLU İLƏ AZƏRBAYCANA GƏLƏ BİLƏCƏKLƏR

Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib. Operativ Qərargahdan verilən məlumata görə, ilkin mərhələdə 10 iyun tarixindən etibarən Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə aşağıda müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər: - Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması; - 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması ilə. Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycana birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.