QURBAN BAYRAMINDA NEÇƏ ÜNVANDA HEYVAN SATIŞI VƏ KƏSİMİ XİDMƏTİ TƏŞKİL OLUNACAQ ?
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1431
			
	
        
		
			
		
		
	
	
		88 satış məntəqəsində baytarlıq nəzarətindən keçmiş  və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə birgə məlumatında bildirilib. Məlumatda qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn sifarişinin həyata keçirilməsi üçün satış portalı iyulun 16-dan etibarən vətəndaşların istifadəsinə verilib.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən əhaliyə ətraflı məlumat verilməkdədir. Bu ticarət şəbəkələrinin ünvanlarını və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf  linkə daxil olmaqla əldə etmək mümkündür. Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd etdiyimiz xidmətlərdən yararlana bilərlər. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edib. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf  linkinə daxil olmaqla əldə etmək mümkündür. Şimal bölgəsi üzrə ünvanlar belədir :
Quba rayonu üzrə	Quba şəhəri, "Dəvədabanı" yaşayış massivi	kəsim və satış
Qusar rayonu üzrə	Qusar şəhəri, Çingiz Qurbanov 10A	kəsim və satış
Xaçmaz rayonu üzrə	Qaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMC	kəsim və satış
Şabran rayonu üzrə	Şabran şəhəri, Mikayıl Müşviq küçəsi 7	kəsim və satış
Siyəzən rayonu üzrə	Siyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsi	kəsim və satış
    
        
                    
            
	
	
				
				
		
	
	
				