QUBADA “İDMAN PARADI” KEÇİRİLİB

Quba Olimpiya İdman Kompleksində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin

birgə təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024” çərçivəsində və 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “İdman Paradı” keçirilib. Əvvəlcə Gənclər və İdman Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi, eləcə də idman ictimaiyyətinin nümayəndələri Qubada ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Quba Olimpiya İdman Kompleksində idman paradı təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək hər kəsi 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.Rəsmi çıxışlardan sonra 2024-cü ilin “İdman səfirləri” ictimaiyyətə təqdim olunub. Regionlarda eyni anda təşkil olunan parad onlayn şəkildə ekranda nümayiş etdirilib.Müxtəlif idman növləri üzrə federasiyalar, gənclər və idman idarələri, idmançılar paraddan keçiblər.Tədbir bədii hissə ilə davam etdirilib. Kompleksin stadionunda təntənəli konsert proqramı təşkil olunub. Konsertdə Mardan Bandın və Səbinə Babayevanın ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.