QUBADA ŞANLI ZƏFƏRİN 5 İLİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ

Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə qazanılmış Şanlı Zəfərin 5 ili” mövzusunda bayram tədbiri keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon rəsmiləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri iştirak edib.Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi ziyarət edilərək, önünə gül dəstələri düzülüb. Daha sonra Quba rayon Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.Şadlıq sarayında davam edən tədbirdə çıxışlar zamanı bildirilildi ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən misilsiz Qələbədən 5 il ötür. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu 44 günlük Vətən Müharibəsindəki Qələbəmiz bir daha sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində rəşadətli ordumuz şəhidlərimizin və qazilərimizin səyi nəticəsində böyük qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə 1 günlük antiterror əməliyyatı nəticəsində suverenliyimiz bərqərar olundu. Vurğulanmışdır ki, hazırda işğaldan azad olunmuş torpaqlarımızda geniş miqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Tədbir bədii hissə ilə davam edib, şagirdlər və mədəniyyət işçiləri tərəfindən Zəfərə və qəhrəman şəhidlərimizə həsr olunmuş ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri təqdim olunub.