QUBADA "YARADICI MÜZAKİRƏLƏR" LAYİHƏSİ KEÇİRİLİB

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qubada "Yaradıcı müzakirələr" layihəsi həyata keçirilib. 2 gün davam edən layihə çərçivəsində respublikanın peşəkar sənət nümayəndələri bölgədə fəaliyyət göstərən gənc və həvəskar sənətçilərə yaradıcı biznesin qurulması və inkişaf etdirilməsi istiqamətində təlimlər keçib.Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir. Qubada təşkil edilən təlimlərə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba, Qusar,Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən şəxslər cəlb edilib. Təşkil edilən sessiyalar kino,teatr,rəsm,dizayn,,xalçaçılıq,kulinariya,animasiya,virtual oyun biznesi,yaradıcı startaplar,fotoqrafiya,musiqi,bədii şüşə sənəti və digər mövzuları əhatə edir. Təlimlərə həvəslə qatılan gənc iştirakçılar çalışdıqları sahələr üzrə ugurlu biznes qurmaq üçün əldə etdikləri bilgilərin mühüm əhəmiyyət kəsb edəcəyinə əminliklərini bildiriblər.Təlimlərin iştirakçılarına sertifikatlar verilib. Qeyd edək ki, ötən il keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir keçirilib ki,bu tədbirlərə 3 minə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı bilgi alıb.