QUBADA RAMİZ QUSARÇAYLININ 65 İLLİK YUBİLEYİ QEYD EDİLİB

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba  rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən  mərkəzi kitabxananın  oxu zalında  Azərbaycan Yazıçılar

Birliyinin üzvü, AYB –nin Quba bölməsinin sədri, şair- publisist Ramiz Qusarçaylının 65 illik yubileyinə həsr olunmuş tədbir keçirlib. Tədbirdə mədəniyyət işçiləri, Qubalı şair və yazıçılar, ADPU-nin Quba filialının müəllim və tələbələri, Quba şəhər Hikmət Hüseynov adına  4 saylı humanitar fənnlər təmayüllü məktəb-liseyin şagirdləri, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova, yazıçı-publisist Nüşabə Məmmədli və digər qonaqlar iştirak edib. Tədbiri  Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı açaraq, görkəmli şairin yaradıcılığından, şeirləri ilə özünə sağlığında heykəl ucalda bilməsindən şairin yaradıcılığının şah əsəri olan möhtəşəm “Azərbaycan bayrağı” şeiri ilə bütün ölkədə sevilməsindən ətraflı bəhs edib. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova və yazıçı-publisist Nüşabə Məmmədli çıxış edərək görkəmli şair Ramiz Qusarçaylının yaradıcılığından, Azərbaycan ədəbiyytındakı rolundan danışaraq, şairin Azərbaycanda və ölkə hüdudlarından kənarda sevilən “Vətən” poemasının əhəmiyyəti haqqında fikirlərini qeyd ediblər. Sonra Ramiz Qusarçaylının şeirinə bəstələnmiş “Bəstə Nigar” musiqisi Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, xanəndə Seyfulla Ağayev tərəfindən ifa edilib. Tədbirdə çıxış edən Quba RİH-nin məsul əməkdaşı Arif Nəbiyev, yazıçı Əkrəm Qaflanoğlu, Mərkəzi kitabxananın direktoru Saməddin Nəsirov, rayon ziyalısı Sahib Məmmədov və başqaları yubilyarı təbrik edərək, Ramiz Qusarçaylı poeziyası haqqında ürək sözlərini söyləyiblər. Daha sonra ADPU-nin Quba filialının müəllimləri Nəhayət Şirinova və Kəmalə Bayramova  şairin təkcə Qubalılar üçün deyil, bütün Azərbaycan üçün qürur mənbəyi olan yaradıcılığından ətraflı söhbət açıblar. Tədbir çərçivəsində    Ramiz Qusarçaylının məşhur “Azərbaycan bayrağı” şeiri səsləndirilib və şairin sözlərinə yazılmış mahnılar ifa olunub. Sonda çıxış edən Ramiz Qusarçaylı tədbirin təşkilində əməyi olan və tədbirə təşrif buyuran hər kəsə minnətdarlığını bildirdikdən sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin “Fəxri Fərmanı” yubilyara təqdim olunub.