QUBADA MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN BAZAR KOMPLEKSİ YARADILIR

 Quba Mərkəzi Bazarı və ətrafdakı ticarət mərkəzləri rayon sakinlərinin və qonaqların üz tutduğu əsas məkanlardandır. Alıcılar sarıdan kasadlıq çəkməyən bazar və ticarət mərkəzləri sahiblərinin və satıcıların öz işlərini müasir tələblər səviyyəsində qurmaması isə bura üz tutanların haqlı narazılığına səbəb olurdu. Vətəndaşlarin çoxsaylı müraciətləri nəzərə alınaraq Quba Mərkəzi bazarında və ətraf ərazilərdə yenidənqurma işlərinə start verilib.

Qeyd olunan əraziyə gələn Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev sahibkarlarla söhbət aparıb.Mərkəzi bazarda və ətraf ərazilərdəki ticarət mərkəzlərində səliqə-səhman,abadlıq işlərinə başlanmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının vacibliyini vurğulayıb. O da vurğulanıb ki, son dövrlər Qubanın sosial-iqtisadi həyatındakı nailiyyətlər,tikinti-quruculuq, yol-infrastruktur sahələrində görülən işlər digər istiqamətlərlə yanaşı rayona gələn qonaqların, turistlərin say artımında da canlanma yaradıb. Bazar isə o məkanlardandır ki,qubalıların və rayonun qonaqlarının mütəmadi üz tutub bazarlıq erməsi səbəbindən daim diqqət mərkəzində olur.Burada malların satışı zamanı sanitar-gigiyenik qaydalara əməl olunmamasından tutmuş ərazidəki yol və keçidlərin tozlu-torpaqlı olması,tikililərin memarlıq standartlarına cavab verməməsi azmış kimi onların qarşısındakı ərazilərin zəbt olunaraq kustar üsullu, səliqə-səhmansız artırmaların  edilməsi haqlı narazılıqlar yaradır.Qeyd olunan çatışmazlıqların aradan qaldırılması və müasir tələblərə cavab verən bazar kompleksinin yaradılması işlərinə başlanması məqsədilə aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.İşlərin sürətli və keyfiyyətli icrası məqsədilə qərargah yaradılıb.