QUBADA EKO TURİZMƏ MARAQ ARTIB

Onun sözlərindən Kəlbəcərli olduğunu anladıq. Yaylaqdakı çiçəklərin sorağını alıb Qubaya gəldiyini öyrəndik. Son dəfə Kəlbəcər dağlarında bitən bu çiçəkləri yenidən görə bilmək üçün üz tutmuşdu

vətən oğlu Qubanın ən ucqar dağ yamacına.  Söhbət Qubanın Böyük Qafqaz sıra dağlarında yerləşən ölkəmizdə az tanınan, lakin gözəlliyi, səfalı havası ilə Azərbaycanın ən əsrarəngiz guşələrindən olan Caf yaylağı – Buduq cafından gedir.  Geniş, sanki əngin, bol otlu, güllü-çiçəkli otlarqları ilə Buduğu  və digər ətraf kəndləri qışlıq otla bolluca təmin edən Caf yaylaq mövsümündə çobanların çox sevdikləri məkanlardandır. Amma bu yaylaq həm də turistlərin sevimli məkanına çevrilməkdədir. Caf yaylağının sorağını alan turistlər bu dağlara gəlməyi, burdakı gülli-çiçəkli, yamyaşıl xalıya bənzər çəmənlikdə süfrə sərib dağların bol oksigenli havasından udmağı sevirlər. Buduq Cafından hələ çox az insanın xəbəri olsa da yolların əsaslı təmirindən sonra bura gələn həm yerli, həm də xarici turistlərin sayı artacaq. Qeyd edək ki, yurdumuzun insan ayağı az dəyən o qədər belə yaylaqları, düzləri, meşələri var ki.. Onları sadəcə tanıyıb, gedib görmək gərəkir.