QUBADA DƏVƏDABANI YAŞAYIŞ MASSİVİNİN QAZLAŞDIRILMASINA BAŞLANIB

Quba şəhərinin yaxınlığında yerləşən Dəvədabanı yaşayış massivinin qazlaşdırılmasına başlanılıb. Tikinti işləri yekunlaşdıqdan sonra burada 700-dən çox abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.

Üç min nəfərdən çox əhalisi olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.Tikinti işlərinin sentyabrda başa çatdırılması planlaşdırılır.

Hazırda Quba rayonunun dağlıq ərazilərində yerləşən Təngəaltı, Afurca, Kunxırt və Qonaqkənd kəndlərinin də qazlaşdırılması davam edir. Rayonun Hacıhüseynli və Əliməmmədoba kəndlərində isə işlər başa çatmaq üzrədir. Bu il həmin kəndlərdə 727 abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.İlin sonuna kimi ümumilikdə 11 yaşayış məntəqəsində 1715 abonentin təbii qazla təminatı nəzərdə tutulub.Qubada yaşayış məntəqələrinin təbii qazla təminatı əhalinin rifah halının yüksəlməsi ilə yanaşı ərazidəki meşələrin qorunması üçün də mühüm əhəmiyyətə malikdir.