QUBADA BEYNƏLXALQ TƏLİM-SEMİNARLARIN AÇILIŞI OLDU

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarlara start verilib. Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır. Beynəlxalq təlim-seminarların rəsmi açılışı oktyabrın 13-də ADPU-nun Quba filialının akt zalında təntənəli proqramla başlayıb. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Özbəkistan və Azərbaycanın dövlət himləri səsləndirilib. Rəsmi hissədə ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov və Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedoqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Xodiqəxon Xoşimovanın çıxışları dinlənilib. Sonra auditoriyaya “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminarları barədə ümumi bilgi verilib. Qeyd edək ki, tədbir Filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədovanın moderatorluğu ilə baş tutub. Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam edib. Prosesin birinci günü iştirakçılara “İnklüziv təhsil” mövzusunda ilk təlimlər keçirilib. Özbəkistan Respublikasından olan rəsmi pedaqoji heyət səfər çərçivəsində Qubanın təbiəti, turistik imkanları, həmçinin bölgənin sosial həyatı ilə yaxından tanış olacaqlar.