Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Quba rayonunda arxeoloji tədqiqatlar davam etdirilir.
2026-cı il iyulun 2-dən 30-dək Quba rayonunun Səbətlər kəndi ərazisində yerləşən, son antik və orta əsrlər dövrünə aid “Təhməzi” qədim yaşayış yerində əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılıb.“Təhməzi” yaşayış yeri 2022-ci ilin iyul-avqust aylarında Azərbaycanın şimal-şərq regionunda aparılan tədqiqatlar zamanı aşkar edilib. Abidə Quba rayon mərkəzindən təxminən 30 kilometr məsafədə, Vəlvələ çayının sağ sahilində yerləşir. Yerli sakinlərin “Təhməzi şəhər yeri” adlandırdığı abidə indiyədək dövlət qeydiyyatına alınmayıb və ərazidə əvvəllər arxeoloji tədqiqatlar aparılmayıb. Tədqiqatların bölgədə müxtəlif xalqların məskunlaşması və köçəri xalqların miqrasiyası, eləcə də regionun müxtəlif sivilizasiyalar və dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin xarakterinin müəyyənləşdirilməsinə də yeni məlumatlar verəcəyi gözlənilir. “Təhməzi” yaşayış yerində aparılan tədqiqatlarla yanaşı, Quba rayonunun ətraf kəndlərində də yerüstü arxeoloji kəşfiyyat işləri həyata keçirilib və müxtəlif abidələrə baxış keçirilib. Aparılan müşahidələr və aşkar edilmiş arxeoloji materiallar Sırt Çiçi kəndinin zəngin maddi irsə və qədim tarixə malik olduğunu göstərir. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə ərazidə yerləşən arxeoloji abidələrin ətraflı və kompleks şəkildə tədqiqi Azərbaycanın qədim və orta əsrlər tarixinin öyrənilməsinə mühüm töhfələr verə bilər.
