QUBADA ABADLIQ-QURUCULUQ İŞLƏRİ DAVAM ETDİRİLİR
Baxış sayı: 16
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionlarinda müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması və geniş miqyaslı tikinti-quruculuq, abadlıq işlərinin görülməsi dövlətimizin diqqət yetirdiyi vacib işlər sırasındadır. Qoyulan tələblərə uyğun olaraq Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonda tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, təhsil müəssisələrinin tikintisi istiqamətində tədbirlər həyata keçirilir, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır.
Cari ilin son bir neçə ayı ərzində Quba rayon Şəhidlər Xiyabanında əziz şəhidlərimizin müqəddəs adlarına və unudulmaz xatirələrinə layiq yeni layihə əsasında, müasir üslubda geniş miqyaslı tikinti, yenidənqurma, təmir, bərpa, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri həyata keçirilib. Ayrı-ayrı guşələr yaradılıb, bütün şəhidlərimizin fotoşəkilləri xatirə lövhəsi formasında hazırlanıb, Xiyabanın ərazisində Ulu Öndərimiz Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhidlərimiz barədə olduqca dəyərli kəlamları əksini tapıb, mühüm məna kəsb edən simvollar qoyulubdur. Burada yerləşdirilən qaya parçası şəhidlərimizin uğrunda canlarından keçdikləri doğma Qarabağımızdan gətirilib. Quba şəhərinin bir sıra küçələri - Heydər Əliyev prospekti, Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Cabbarlı, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Şah İsmayıl Xətayi, Maksim Qorki, Mirzə Fətəli Axundov küçələri və Mərkəzi Xəstəxananın yolu yenidən qurulub, asfaltlanıb, əsaslı və ya cari təmir olunub. Azərbaycan, General Məhəmməd Əsədov, Cəfər Cabbarlı, Maksim Qorki, Səməd Vurğun və Fətəlixan küçəsinin başlanğıc hissəsində yeni səkilər yaradılıb və ya mövcud səkilərdə yararsız daşlar yeniləri ilə əvəzlənib.
Nizami adına Mədəniyyət və İstirahət parkında da əsaslı şəkildə təmir işləri aparılıb. Belə ki, “Tağlı körpü” istiqamətində enən pilləkənlərə ağlay örtüyü döşənərək tam təmir olunub, parkdakı piyadaların gəzinti yerlərindəki sıradan çıxmış ağlaylar yeniləri ilə əvəz olunub, yeni işıqlandırma sistemi qurulıb, ərazidə yaşıllaşdırma işləri aparılmışdır. Oturacaqlar təmir olunaraq, rənglənmiş və əhalinin istifadəsinə verilmişdir.
Dədə Qorqud parkında da bu qəbildən işlər həyata keçirilib. Parkda müasir işıqlandırma sistemi qurulub, simvolik heykəl kompozisiyaları memarlıq üslubunda yenilənib.Qeyd edək ki, bundan əlavə olaraq bir sıra küçələrdə işıqlandırma işləri görülüb, ətraf-mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyaları həyata keçirilib.
Qarşıdakı dövrdə də Quba şəhərində və rayonun digər ərazilərində yenidənqurma, tikinti, asfaltlanma və təmir işlərinin müntəzəm olaraq davam etdirilməsi, ehtiyac duyulan küçələrdə asfaltama və abadlıq işlərinin görülməsi, həmçinin digər istiqamətlərdə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, son iki il ərzində Quba şəhərinin 50-dən artıq küçəsinə 160 min kvadratmetr astalt döşənib.
