PREZİDENT İLHAM ƏLİYEV VƏ XANIMI “GƏNCLİK” PARKININ AÇILIŞINDA İŞTİRAK EDİBLƏR

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov burada yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Hələ 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlət başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri şəraitin yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.