MÜASSİR UŞAQLAR NİYƏ TOPLUMA ALIŞA BİLMİRLƏR?

Uşaq ikən hansı oyunları oynayırdınız? Yadınızdan çıxmayıbsa, biz uşaq olanda gizlənqaç, dava-dava, səndə-məndə, ortada qaldı, bənövşə, qızlar isə rezin lent, evcik-evcik, klas-klas və daha neçə- neçə bu kimi oyunlar oynayardıq. Telefon və kompyuterin təsiri olmadan biz nəsildən olan uşaqlar oyuncaqlarımızdan istifadə edərək, qalalar tikər, tamaşalar qoyar və bir sözlə xəyali dünyalar qurmaqla məşğul idik. Bəs müasir uşaqlar necə? Çağımızda onların nə kimi oyunlar oynamaq fürsəti var? Əfsuslar olsun ki, indiki zəmanədə uşaqlar oyun oynamağa yetərincə zaman ayırmır və bunun uşaqların inkişafına olan ömürlük təsiri çoxlarının düşündüyündən də ağır ola bilər. Valideynlər oyun oynamağa az zaman ayıran yeni nəsilin əngəllərini anlamaq məcburiyyətindədir.