İYULUN 27-28-DƏ I VƏ IV İXTİSAS QRUPLARI ÜZRƏ QƏBUL İMTAHANLARI KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzindən bildirilib ki , iyulun 27-də imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. İyulun 28-də isə Qazax rayonu istisna olmaqla adları qeyd olunan rayon və şəhərlərlə yanaşı, Naxçıvan, Şəmkir, Sumqayıt, Abşeron, Mingəçevir, Zaqatala, Ağcabədi, Kürdəmir, Sabirabad, Cəlilabad, Masallı və Qubanın da daxil olduğu 22 şəhər və rayonda imtahan keçiriləcək. İştirakçılar iyulun 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edə bilirlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər - rayon, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.