İsrailin Maalot-Tarşiha və Quba şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə gələn İsrailin bir sıra şəhərlərinin rəsmi təmsilçilərindən və diaspor nümayəndələrindən ibarət nümayəndə heyəti oktyabrın 3-də Qubaya səfər edib.

Nümayəndə heyəti ilə Quba rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Nümayəndə heyətinin üzvləri İsrail-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıblar. Görüşdə İsrailin Maalot-Tarşiha və Quba şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Razılığa əsasən şəhərlər arasında mədəni, siyasi, idman və bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulub. Görüş çərçivəsində hədiyyələrin qarşılıqlı təqdimatı olub. Xatirə şəkilləri çəkdirilib. Qonaqlar səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər. Komplekslə tanışlıq zamanı nümayəndə heyəti ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.