"İSLAM İRSİMİZİ TANIYAQ” - TƏZƏPİR MƏSCİDİ

Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir. Təzəpir məscidi Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa edilib. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verib. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək ona böyük miqdarda pul verib, İstanbula və ərəb ölkələrinə göndərib. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Əhmədbəyovun Təzəpir məscidinin layihəsinə dair ideyası da belə yaranıb.