ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir. Verilən bilgiyə görə, ABŞ Hörmüz boğazı bölgəsində və İran sahillərində onlarla hərbi obyektə zərbələr endirib.Qeyd olunur ki, əməliyyata qırıcılar, pilotsuz uçuş aparatları (PUA) və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri cəlb edilib. İranın raket və PUA komplekslərinin mövqelərinə, hərbi dəniz qüvvələrinin obyektlərinə və sahil müdafiə sistemlərinə zərbələr endirilib. Komandanlıqdan bildirilib ki, yeddi saatlıq əməliyyat İranın kommersiya gəmiçiliyinə və mülki heyətlərə təhdid yaratmaq imkanlarının daha da azaldılmasına yönəlib. Tehran rəsmiləri isə öz növbələrində ABŞ-ın Bəhreyndəki Beşinci Donanmasının idarəetmə mərkəzi, anbarları və yanacaq çənlərini hədəf aldıqlarını bildiriblər. Hücumlar çərçivəsində ABŞ-a məxsus "F-18" qırıcılarının dislokasiya olunduğu İordaniyadakı "Əl-Əzrək" hərbi bazasının da zərbələrə məruz qaldığı barədə bilgi yayılıb.
