İLHAM ƏLİYEVƏ VƏ BİRİNCİ XANIM ŞUŞADA ÜZEYİR HACIBƏYLİNIN HEYKƏLİNİN AÇILIŞINDA İŞTİRAK EDİBLƏR

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışda iştirak etdi. 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində quraşdırılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.