İCRA BAŞÇISI KƏND SAKİNLƏRİNİN ŞİKAYƏTLƏRİNİ DİNLƏDİ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Ağayev Daşqın Əliqulu oğlunun kəndin girişində inşa olunmuş xatirə guşəsi və Mirzəqışlaq kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələri ilə tanış olub.