Gürdah - dağlar qoynundakı cənnət

Qubanın Gürdah kəndinin sehrinə hələ 2017-ci ildən düşmüşdük. Kiçik Qafqaz slıra dağlarının əhatəsində, meşələrlə əhatələnən gözəl Gürdah kəndinin doğal bir gözəlliyə sahib olması bizi ovsunlamışdı. O zaman Gürdah kəndindəki şəlalənin sorağı ilə gedirdik ora. Hər zaman olduğu kimi Çölçü Klubu az bilinən və az tanınan yerə axın edirdi. Bir çölçü kimi getmişdim o zaman Gürdaha.

Qubadan 40 km -ə yaxın məsafədə yerləşən bu kənddəki gözlliklərdən niyə çoxlarının xəbərinin olmadığı məsələsi gün kimi aydın idi. Kənd tam bir yolsuzluq həyatı yaşayırdı. Hətta bu kəndə və kənddəki şəlaləyə getməyin özünün ekstremal idman olduğunu o yolda anladım. Meşələrdən, çaylardan keçmişdik onda, yolboyu çoxlu şəfalı bitkilər göpmüşdüm. Və Çölçü Klubunun Gürdah şəlaləsinə etdiyi axından sonra bir daha əmin olmuşdum ki, cənnət kimi gözəllikləri dünyanın heç yerində axtarmaq lazım deyil. Bu gözəlliklərə Azərbaycanın hər yerində rast gəlmək olar. Təki görməyi bilək.

Bundan sonra Gürdaha getmək bir də nəsib oldu mənə. Bu isə ötən ilin yay ayında baş verdi. Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev sakinləri narahat edən məsələlərlə bağlı bu kənddə səyyar qəbul keçirəndə. Bu kənd sakinləri üçün də bir yenilik olmuşdu. Çünki, kənd sakinlərini heyrətləndirən bir hadisə baş vermişdi. Kəndin mövcud olduğu bu neçə ildə ilk dəfə rayon rəhbəri bu kəndə səfər edirdi. Rayon rəhbərinin bura səfəri çərçivəsində məlum oldu ki, bir zamanlar bu kənddə çox sakin yaşamasına baxmayaraq, indi burada yolsuzluq olduğu üçün gənclər kəndi tərk edib və hazırda kənddə çox az insan yaşayır. Beləliklə də elə səyyar qəbuldan dərhal sonra Qubadan Gürdaha gedən yollar təcili təmir olunmağa başladı. Xanəgah kəndinə kimi yol əsaslı təmir olunaraq asfalt döşəndi, Gürdahın özünə qalxan dağ yolu isə genişləndirilərək, istifadəyə yararlı hala salındı.

Bu kəndin turizm potensialının geniş olduğunu isə ilk kəşf edənlər Çölçülər oldular. Çünki Gürdah şəlaləsinə bir dəfə edilən axından sonra çölçülərlə birgə bir daha ora getmək istəyənlərin sayı artdı.

Budur, biz yenə Gürdah yolundayıq. 2017- 2018-ci illıərdən sonra 2019-cu ilin gözəl bahar günündə yenidən bu kəndə getmək istəyi yarandı içimizdə. Və elə düşündüyümüz anda da çəkiliş qrupumuzla yola düşdük. Sözün həqiqi mənasında dağlar aşıb dərələr keçdik, buz kimi dağ çaylarından keçdik. Hər dağı dolaşıb, hər çayı keçdikdə isə içimiz fərahladı, şərinləndik. Buralar çox dəyişmişdi. İndi insanın yolun gözəlliyindən doyunca zövq almasına heç nə mane olmurdu. Az getdik, çox getdik, düz Xanəgaha kimi yol gəldik. Həm də yolsuzluq maşına ehtiyac duymadan. Nəhayət, gəlib Gürdaha qonşu kənd olan Xanəgaha çatdıq. Xanəgah kəndindəki yaşı çox qədim olan daşlar, qaya parçaları, uzun ömürlü üstünü artıq mamır basan ağaclar qarşıda bizi necə gözəlliklərin gözlədiyindən xəbər verirdi.

Xanəgah kəndinin gözəl havasından, buz kimi minerallarla bol bulaq suyundan dadıb yol aldıq əfsanəvi Gürdah kəndinə. Xanəgah kəndinə kimi heç yerdə qar görməsək də, hər yerdən yazın ruhu duyulsa da Gürdah tam fəqrli idi. Burda ağaclar tumurcuqlasa da dağlar öz ağ örpəyini Gürdahın üzərindən açmamışdı.
Gürdah kəndi Qubanın şəhər mərkəzindən 40 km məsafədə yerləşir.. Əhalsinin əksəriyyəti köçərilərdir, maldarlıq və biçinçiliklə məşğul olurlar.

Çəkiliş qrupumuzu görən kənd sakinləri çox sevinmişdilər. Kəndə gəldiyimizin sorağını alıb bizi elə kəndin girəcəyində qarşılayan kənd sakinlərinin bu sevinclərinin bir səbəbi qonaqpərvər olmaları idisə, digər bir səbəbi yolsuzluq şəraitindən qurtulduqlarını paylaşa bilmək idi.

Biz də çox şən idik. Bu kəndə çətinliksiz getdiyimiz üçün, bir də insanların üzündəki o sevinci gördüyümüz üçün. Anladıq ki, kənd sakinlərinin bir sevinci kəndlərindəki göz oxşayan gözəlliklərdən indi çoxlarının xəbər tuta biləcəyi, bu gözəlliyi başqaları ilə paylaşa biləcəklərindən doğan sevincdi.