GÜRCÜSTANDA ERMƏNİ VANDALİZMİ

Gürcüstanın paytaxtı Tbilisinin qədim mərkəzi hissəsində atəşpərəstlik dövrünə aid yeganə məbəd var – Atəşgah. Tarixi abidə adı ilə yanaşı forması ilə də Bakının Suraxanı rayonundakı Atəşgah məbədini xatırladır. Məbədin adı “atəş” – od, “gah” – yer kimi izah edilsə də, “h” hərfi olmadan gürcü dilində “Atəşka”, ingiliscə “Ateshga”, rus dilində isə “Атешга” kimi təqdim olunur.Kərpicdən tikilən qədim ziyarətgah şəhərin Kalaubani rayonunda, Qomi küçəsi 3 ünvanında – yuxarı Betlemi kilsəsinin 100 metrliyində yerləşir. Qədim gürcü ədəbiyyatında bu məbədin adı “Atroşani” və “Artoşani” kimi qeyd olunub.Müxtəlif tarixi mənbələrə əsasən, Atəşgah V-VII əsrlərdə inşa olunub və yüzilliklər ərzində görkəmini və təyinatını dəfələrlə dəyişib. 1724-cü ildə türklərin tikilini məscidə çevirdiyi, 1735-ci ildə isə Nadir şah tərəfindən dağıdılığı bildirilir.Abidənin çar Vaxtanq Qorqosalinin hökmranlığı dövründə tikilməsi ilə bağlı fərziyələr də var. Lakin arxeoloji qazıntılar zamanı Tbilisinin bu çarın dövründən öncə də mövcudluğu müəyyən edilib. Bu səbəbdən məbədin V əsrə qədər inşa olunması ehtimalları güclənib.Yerli tarixçilərin fikrincə, Atəşgahın bir hissəsi səcdəgahla birgə yerin altındadır. Onların sözlərinə görə, mədəni irs obyektinin tarixi kifayət qədər tədqiq olunmayıb. Abidənin dəqiq yaşını müəyyən etmək üçün xüsusi metodların tətbiqi tələb olunur, lakin bununla bağlı xərclər Gürcüstan üçün həddindən artıq yüksək qiymətləndirildiyindən bu işlər həyata keçirilməyib.Abidənin qalıqlarını fərdi yaşayış evləri əhatə edir. Atəşgaha daxil olmaq yalnız Anton Dğeubadze adlı sakinin həyətindən mümkündür. Onun evi və məbədin bir ümumi qapısı var. Məbədi ziyarət etmək istəyən yerli sakinlər və turistlər A.Dğeubadzenin gözlənilməz qonaqlarına çevrilirlər. O, uzun illərdir məbədin ştatdanəkar nəzarətçisi kimi fəaliyyət göstərir. Dğeubadzelər evdə olmayanda ziyarətçilərin Atəşgaha baş çəkməsi mümkün olmur.A.Dğeubadzenin ailəsi Atəşgah yaxınlığındakı evdə ötən əsrin 70-ci illərinin əvvəllərində məskunlaşıblar. Həmin vaxta qədər məbəd anbar və yaşayış yeri kimi istifadə olunub. Tikilinin həyətində müəyyən dövrdə ermənilər də yaşayıblar və onlar ziyarətgahda toyuq saxlayırlarmış. Uzun illər abidə o qədər baxımsız vəziyyətdə qalıb ki, daxili hissəsində ağaclar belə bitib.Ziyarətgahla bağlı qeyri-müəyyənliklər abidənin turizm potensialını zəiflədir. Lakin Atəşgah Gürcüstana səfər edən turistləri cəlb edən əsas tarixi məkanlardan biri olaraq qalır. Yerli sakinlərin sözlərinə görə, məbədi ən çox iranlılar ziyarət edir.Tbilisidəki Atəşgahın qorunması üçün ən yaxşı üsullardan biri ondan tarixi əhəmiyyətinə uyğun olaraq düzgün istifadədir. Qədim məkana turist cəlb etmək və bununla abidənin saxlanılmasına vəsait toplamaq üçün onun Azərbaycanla Gürcüstan arasında hazırlanan birgə turizm paketinə daxil edilməsi effektiv vasitələrdən biri kimi nəzərdən keçirilə bilər. Bölgəyə üçüncü ölkələrdən səfər edən əcnəbi qonaqlar üçün Bakı və Tbilisidə atəşpərəstlərin dini inanc və sitayiş yeri olan fərqli taleli iki eyniadlı tarixi abidə ilə tanışlıq ziyarətin ən maraqlı hissəsi ola bilər.