GÖZƏLLİKLƏRLƏ DOLU ƏRƏFSƏ KƏNDİ

Bu il muxtariyyət əldə etməsinin 95 illiyini qeyd edən bu qədim Naxçivan torpağı təcavüzkar və xain qonşularımız ermənilərin blokadası şəraitində yaşamasına baxmayarak, sürətlə inkişaf edir,

şəhər və kəndlərimiz müasirləşərək  gözəlləşir, insanların doğma yurda bağlılığı artır. Bu gün Muxtar Respublikamızın bölgələrində aparılan tikinti quruculuq işləri regionların həyat ritminə çevrilib. Naxçıvanda  da son illər quruculuq, abadlıq işlərinin sayı artıb. Burda parklar salınır, yollar çəkilir, tarixi memarlıq abidələrimiz bərpa olunur, yaşıllıq zolaqları yaradılır.  Diqqət çəkən məqamlardan biri də  Muxtar Respublikada şəhərlərlə yanaşı  ilə yanaşı, onun ucqar kəndləri də günü- gündən inkişaf edir, müasirləşir, abad və yaraşıqlı ünvanlara çevrilir. Abad kəndlər siyahısına daxil olan kəndlərdən biri də Culfa rayonunun ucqar dağ kəndi Ərəfsədir. Yaşıllıqlar qoynunda  uyuyan,  qədimliyi müasirliyə qovuşan Ərəfsə kəndində dağların gözəlliyi göz oxşayır. Kəndin suları gümüş kimi parıldayan Əlincə çayının kənarında yerləşməsi ona bir başqa gözəllik verir. Ərəfsə münbit torpağı, əlverişli iqlimi, bağlı-bağatlı meyvə bağları, dadlı bərəkətli tərəvəz bitkiləri, özünün nadir dərman otları, gül-çiçək ətirli balı ilə tanınır. 177 hektar ərazini əhatə edən bu dağ kəndində 250 təsərrüfat var və kənddə əhalinin sayı 890 nəfərdir. Kənddə müasir memarlıq üslubunda tikilmiş iki mərtəbəli məktəb binası, kənd əhalisinin sağlamlığının qayğısına qalmaq, ana və uşaqların müayinə olunması, uşaqlarda peyvəndlərin vaxtında aparılması üçün ambulatoriya binası var. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zamiq Əliyev bildirir ki,  kənd əhalisinin əsas məş­ğuliyyəti tərəvəzçilik, bağçılıq heyvandarlıq və arıçılıqdır. Kəndin təsərrüfatla məşğul olan insanları heyvandarlığa daha gəlirli sahə kimi baxırlar. Ərəfsə həm də öz Xəzinədərə və Gədik adlı palıd meşələri ilə diqqəti cəlb edir. Meşə iqlimi tənzim edən, havanı təmizləyən, saflaşdıran bir dünyadır. Meşə su mənbəyidir, sağlamlıqdır. Xəzinədərə və Gədik meşələrində bu yer üçün xarakterik olan palıd ağacları çoxluq təşkil edir. Bu yerlərin yaşıllığı, gül-çiçəyi və çeşməli bulaqları arıçılıq üçün əlverişli şərait yaradır. Kəndin füsunkar təbiəti, bağ-bağatla zənginliyi burada arıçılıq təsərrüfatlarının genişləndirməyə, arı ailələrinin sayını artırmağa, bol bal istehsalında imkanları artırır. İndi bu səfalı yurd yerində ildən-ilə arı ailələrinin sayı artırılır. Ərəfsədə bağçılığa da önəm verən təsərrüfat adamları az deyil. Kənd sakinlərinin həyətyanı sahələrində saldıqları müxtəlif meyvə bağları göz oxşayır. Onu da qeyd edə ki, Culfa rayonun ucqar dağ kəndi olan Ərəfsə kəndi ekoturizm potensialı böyük olan bir məkandır.  Bura gələn insanın ruhu təzlənir, kəndin gözəlliyi ndən daxili bir rahatlıq tapır, doğanın harmoniyasını yaxalaya bilir.