FİNLANDİYADA KİTAB CƏNNƏTİ ADLANAN ÇAĞDAŞ KİTABXANA

Finlandiyanın paytaxtı Helsinkidə kitab cənnəti adlanan müasir kitabxana fəaliyyət göstərir.Bu kitabxanada hətta kinoteatr və səsyazma studiyası da mövcuddur “ALA Architects” studiyasının layihəsi ilə hazırlanan və kitab cənnəti adlanan kitabxananın sahəsi 17 min kvadratmetrdir. Burada təxminən 100 min kitab var, qalan yerlər isə oxu və sərgi salonları, eləcə də səsyazma studiyası üçün ayrılıb."Oodi" adı verilən kitabxananın tikinti və təchizatı 98 milyon avroya başa gəlib. Nəhəng bina gəmi və üzərində buz təbəqəsinə bənzəyir. 3 mərtəbədən ibarət "Oodi" kitabxanası yalnız mütaliə prosesi üçün nəzərdə tutulmayıb. Belə ki, tikilinin ilk mərtəbəsində restoran, kinoteatr, Avropa İttifaqı İnformasiya Mərkəzi, konsert əraziləri yerləşir. Elektronik alətlərlə təchiz olunmuş iş əraziləri, səsyazma studiyaları yerləşən 2-ci mərtəbə səs-küylü fəaliyyət növləri üçün nəzərdə tutulub. 3-cü mərtəbə isə kitablardan, oxu zallarından ibarət "kitab cənnəti"dir.Bina ən yeni avadanlıqla təchiz olunub, bunun sayəsində oxucuların 3,4 milyon kitaba çıxışı var, sadəcə, onlayn müraciət etmələri lazımdır.Klassik kitabxana fikrindən uzaq olan bu mərkəzin yaradılmasına səbəb insanların alış-veriş mərkəzlərində yox, daha faydalı, vaxtlarını səmərəli keçirə biləcəkləri məkanda dincəlmələri üçün şərait yaratmaqdır. Finlandiyanın əhalisi cəmi 5.5 milyon olsa da, il ərzində bu ölkədə 70 milyon ədəd kitab satılır. Finlandiya həm yaşayış standartına görə, həm də kitaboxuma faizinə görə, demək olar ki, dünyada birincidir.