CƏBRAYIL, ZƏNGİLAN, QUBADLI VƏ AĞDAMDA YARIMSTANSİYALAR TİKİLİR

İşğaldan azad edilən ərazilərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hazırda “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kilovoltluq yarımstansiyalar tikilir. bunun üçün “Şükürbəyli” yarımstansiyasından 40 kilometr məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 kilometr məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 kilometr məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilir. Hər üç yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla Dispetçer İdarəetmə sisteminə qoşulacaq.