BU ƏRAZİLƏR AZƏRBAYCANA VERİLİR

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb. Bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb. “Bu ərazi Noyemberyan, yəni İncəsi icmasının Koxb və Berdavan, yəni Qaraça kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi. Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki bu, ərazilərin Azərbaycana verilməsi ilə nəticələnəcək, erməni mövqeləri arxaya çəkiləcək, ancaq yeni mövqelər hazırlanmayıb və təchiz edilməyib. Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da kəndlilərin torpaq əkib-becərməsini və mal-qara yetişdirməsini çətinləşdirəcək”, - deyə Sərkisyan qeyd edib. Xatırladaq ki, bundan öncə də ərazidə minatəmizləmə işlərinin aparıldığı və Azərbaycana məxsus anklav kəndlərin qaytarılacağı haqda məlumat yayılmışdı.