BU GÜNÜN ÖNƏMLİ HADİSƏLƏRİ(1 aprel)

1 aprel dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən "İnsan və Biosfer" başlığı altında keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir.

Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır. Ölkəmizdə yaşayan 36 növ quş Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib. Azərbaycan ornitofaunasının isə 23 növü “Dünya Qırmızı Kitab”ına daxil edilib. Bu gün Ümumdünya Gülüş günüdür. Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. Bu gün hər kəs bir-biri ilə zarafat edir, maraqlı lətifələr danışır, faktları bilərəkdən təhrif edərək təqdim edir, olmamış hadisəni olmuş kimi göstərir. 1 aprel ssenarist, kinoredaktor və görkəmli yazıçı İsa Muğannanın anım günüdü. İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır. İsa Muğanna eyni zamanda “İdeal” , “Məşhər”, “Qəbiristan”, “Cəhənnəm və digər romanların müəllifidir. "Nəsimi" mükafatının ilk laureatçısı İsa Muğanna 1 aprel 2014-cü ildə dünyasını dəyişib. Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin bu günü dünyaya gəlib. Ona ədəbi şöhrət gətirən ilk əsər «Dianka yaxınlığındakı xutorda axşamlar» povestidir. Lakin «Müfəttiş» komediyası və «Ölü canlar» roman-poeması onu bütün Avropada məşhurlaşdırıb. «Şinel» povesti isə rus ədəbiyyatında xüsusi yer tutur. Təsadüfi deyil ki, Qoqolun müasirləri olan gənc yazıçıların əksəriyyəti «Hamımız Qoqolun şinelindən çıxmışıq» deməyi xoşlayırdılar. Sonralar bu ifadə zərb-məsələ çevrilib. Nikolay Qoqol 1852-ci il fevralın 21-də Moskva şəhərində dünyasını dəyişib. Bu gün həm də Apple şirkətinin yarandığı gündü. 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak “Apple” şirkətini yaradıblar. “Apple I”-i ilk dəfə Stiv Voznyak icad edib və onu “Hombrew” kompüter klubunda ictimaiyyətə nümayiş edib. RAM, prosessor və videoçiplərdən ibarət bu kompüter ana lövhəsi kimi satılırdı. Şirkət hazırda dünyanın ən bahalı brendi kimi tanınır.