BEYNƏLXALQ FRANÇAYZİNQ FORUMU BAŞ TUTUB

Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise” öz işinə başlayıb.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən Forumun məqsədi kiçik və orta biznes subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən Forumun açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb. Forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər. Ölkəmizdə franşizaların alqı-satqı sahəsində yeganə işgüzar platforma olan “Caspian Franchise” Forumu Konfrans və Sərgi olmaqla iki hissədən ibarətdir. Forumun Konfrans hissəsində Azərbaycanda françayzinqin ən aktual problemləri yerli və xarici mütəxəssislərin və sahibkarların iştirakı ilə müzakirə edilib. Konfrans çərçivəsində “Françayzinq haqqında ümumi biliklər“, “Uğurlu franşizanı necə qurmaq olar?”, “Franşizanı necə dəyərləndirməli?”, “Françayzinqin hüquqi aspektləri”, “Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes” mövzularında panellər təşkil olunub.