BAKIDA BEYNƏLXALQ QISA FİLMLƏR FESTİVALI KEÇİRİLİR

Noyabrın 19-da Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi olub. 12-ci kinoforumun film proqramı zənginliyi ilə seçilir. Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa film tamaşaçıların zövqünü oxşamaqla yanaşı, uzun müddət yaddaşlarda qalacaq. Builki yeniliklərdən biri festivalın əsas mükafatı olan “Qızıl Nar” heykəlciyinin gənc heykəltaraşlar tərəfindən zövqlə hazırlanmış yeni dizaynda təqdim olunmasıdır. Bundan başqa, Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın builki qaliblərə xüsusi töhfəsi də var. Belə ki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır. Festivalın daha bir sürprizi Britaniya Kino və Televiziya Sənəti Akademiyası namizədlərinin xüsusi nümayişi olacaq.