ANKARADA AZƏRBAYCAN EVİ VƏ ŞUŞA KONFRANS MƏRKƏZİ AÇILIB

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı olub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım mərasimdə çıxış edərək 44 günlük Vətən müharibəsində hərbçilərimizin rəşadətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Qələbəsindən ətraflı danışıblar. Vurğulanıb ki, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" bu parlaq Zəfərin məntiqi nəticəsi, qardaşlığımızın qazandığı əbədiyyətdir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti böyük nəticələr vəd edir.Tədbirdə “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirilib.Sonra iştirakçılar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun da yerləşdiyi Azərbaycan Evi ilə tanış olublar.