Alman mətbuatı Azərbaycandan yazıb

Almaniyanın “NİTRO Travel” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
Məqalədə Azərbaycanın paytaxtı Bakının və ölkənin ikinci ən böyük şəhəri olan Gəncənin Qərbi Avropada səyahət hədəfi kimi hələ o qədər də yaxşı tanınmadığı, bununla belə Azərbaycanın öz landşaftı, mədəniyyəti və milli mətbəxi ilə maraqlı ölkə olduğu bildirilir.

Alman nəşrinin yaydığı məqalədə Bakının ölkədə iqtisadiyyat və mədəniyyət mərkəzi olduğu, şəhərdə ali məktəb, tədqiqat institutları, teatr və muzeylərlə yanaşı, 2000-ci ildən etibarən UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və tarixi orta əsrlərə təsadüf edən qədim şəhərin olduğu nəzərə çatdırılır. Müasir Azərbaycanın rəmzinə çevrilmiş “Alov qüllələri” kompleksinin şüşə fasadının xüsusən gecələr möhtəşəm göründüyü və qüllələrin sanki yandığını əks etdirdiyini vurğulanır.

Qeyd olunur ki, İçərişəhərin yaxınlığında Bakı buxtası boyunca uzanan Bulvar axşamlar şəhər gənclərinin toplaşdığı və gəzdiyi yerlərdən biridir. Gün batarkən şəhərin işıqları yandırılanda buradan dənizə gözəl mənzərə açılır. Uzaqdan şəhərin panoramasına baxmaq istəyənlər üçün gəmi turları da var. Habelə turistlər İçərişəhərin küçələrində yerləşən balaca emalatxanalarda müxtəlif sənətkarlıq nümunələrinin hazırlanmasını izləyə bilərlər.

Məqalədə Gəncə haqqında da məlumat verilir. Qeyd olunur ki, ölkənin qərbində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşən Gəncə orta əsrlərdə İpək Yolu üzərində ticarət mərkəzi rolunu oynayıb. XVII əsrə aid Şah Abbas məscidi, 50 min şüşə butulkadan inşa edilən Şüşəli Ev şəhərin görməli yerlərindəndir. Bir neçə il öncə Gəncədə istifadəyə verilən konsert və opera sarayında mütəmadi olaraq baletlər və teatr tamaşaları nümayiş etdirilir.

Gəncənin yaxınlığında Göygölün yerləşdiyi, burada alman şvablarının XIX əsrdə Helenendorf adlı koloniya saldıqları nəzərə çatdırılır. Onların şərab istehsalı ilə məşhurlaşdıqları, lakin Stalinin qərarı ilə 1941-ci ildə deportasiya edildikləri bildirilir. Burada yaşayan sonuncu alman Viktor Klaynın 2007-ci ildə vəfat etdiyi, regionda çoxsaylı alman tikililərinin, o cümlədən kilsə və V.Klaynın ev-muzeyinin olduğu qeyd edilir. V.Klaynın yaxın dostu olan memar Fikrət İsmayılovun onun evini qoruyub saxladığı və Alman kilsəsini bərpa etdiyi vurğulanır.

Məqalədə Kiçik Qafqaz dağlarında yerləşən Göygöl təbiət qoruğundan da bəhs edilir. Regiona gələn turistlərə buranı ziyarət etmək tövsiyə olunur. Vurğulanır ki, Gəncənin 36 kilometrliyində yerləşən Göygölün suyu təkinə qədər görünəcək həddə şəffaf və təmizdir. Bu göl Azərbaycanda ən gözəl yerlərdən biridir.

Sonda Azərbaycana səyahət marşrutu haqqında məlumat verilir. Birbaşa uçuşun beş saat davam etdiyi, lakin Moskva, İstanbul və Kiyev şəhərləri vasitəsilə də səyahət etmək imkanının olduğu vurğulanır. 2014-cü ildə istifadəyə verilən Heydər Əliyev Beynəlxalq Hava Limanının arxitekturasının digər aeroportlardan çox fərqləndiyi, interyerinin əsasən taxta, parça və şüşə materiallardan ibarət olduğu bildirilir.