ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ İXTİSAS SEÇİMİ BAŞLAYIR

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gündən başlıyaraq avqustun 30-dək internet vasitəsilə aparılacaq. Bildirilib ki, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi Dövlət İmtahan Mərkəzinin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.