ABİTURİYENTLƏRİN QEYDİYYATI DAVAM EDİR

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan abituriyentlər buraxılacaqÜmumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentlərinin qeydiyyatı davam edir.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 29-dək qeydiyyatdan keçməlidirlər. Abituriyentlər istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.Qeyd edək ki, ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçib qabiliyyət imtahanlarına yazıla bilərlər.