5 İYUN ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜDÜR

XIX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Yaranan problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər və ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başlayıblar.problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışıb. Belə ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görülür.Builki yaz ağac əkini mövsümü öz məxsusiliyi ilə seçilib. Çünki bu il mövsümə işğaldan azad edilmiş Zəngilan rayonundan start verilib.IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyasının gedişatında yaz ağacəkmə dövründə respublikanın meşə fondu ərazilərindəki açıq sahələrdə 400 mindən artıq meşəcinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 4 tondan çox toxum səpilib. Ötən il rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımıza 30 il ərzində erməni vandalları tərəfindən vurulan ziyanın hesablanması məqsədilə monitorinqlərə başlanılıb. Düşmən tapdağından azad edilmiş torpaqlarda ətraf mühitə, biomüxtəlifliyə, su resurslarına vurulan ziyanın hesablanmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri fəal iştirak edirlər. Nazirlik həmin ərazilərin bərpası və oranın dilbər guşələrə çevrilməsi istiqamətində də müxtəlif tədbirlər görməyi planlaşdırır.Hər il bir deviz altında qeyd edilən bu günün cari ildəki şüarı “Ekosistemin bərpası”dır.