27 ÖLKƏDƏ VAKSİNASİYA SERTİFİKATI SİSTEMİ QÜVVƏYƏ MİNİB

Avropa İttifaqına üzv 27 ölkənin hamısında qurum daxilində sərbəst hərəkəti təmin edəcək vaksinasiya barədə Avropa sertifikatlarının verilməsi sistemi bu gündən rəsmən qüvvəyə minib. Bu barədə Avropa Komissiyası məlumat yayıb.Avropa sertifikatları vətəndaşların Avropa İttifaqı daxilində hərəkətini asanlaşdırmaq məqsədi daşıyır və hələlik qurum xaricindəki səyahətlərə şamil olunmur. Sənəd elektron formada verilir və mobil telefon vasitəsilə istifadəsi mümkün olan QR koduna malikdir. Sertifikatın bir il müddətində qüvvədə olacağı ehtimal edilir.Sertifikatda sahibinin koronavirusa qarşı immuniteti, yəni vaksinasiya, xəstəlikdən sağalma və 72 saatdan gec olmayan test nəticələri barədə məlumatlar yer alacaq. Avropa İttifaqı ölkələrinin sərhədlərində sənədin sahibləri üçün daxili karantin məhdudiyyətləri azaldılacaq və ya tamamilə ləğv ediləcək.Qeyd edək ki, Avropa İttifaqının bəzi ölkələri belə sənədləri artıq iyun ayından verməyə başlayıb.