RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA GƏRGİNLİYİ KİYEV YARADIR?
Baxış sayı: 31
Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyəti daha da qızışdıracaq. Peskov onu da qeyd edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və etmir”. Onun sözlərinə görə, hadisələrin kökündə “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti ( FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlayıb. Qeyd edək ki, saxlanılanlar hamısı qardaş və əmioğludurlar. Ekspertlərin fikrincə Yekaterinburqda baş verən məlum hadisə sadəcə bir kriminal xəbər kimi təqdim olunsa da, bu hadisə dərin siyasi alt qatlara malikdir. Bu cür kobud davranış açıq şəkildə Azərbaycana qarşı gözlənilən diaspora kartından istifadə etmək deməkdir. İtaətsizlik olmadığı halda, polisin onlara qarşı vəhşiliyi çox ciddi və kobud cinayətdir.