QUBADA YAP-IN 34 İLLİYİ QEYD OLUNDU

Qubada Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş

tədbir keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə partiyanın keçdiyi tarixi inkişaf yolundan, ölkənin siyasi həyatındakı rolundan və qarşıda duran strateji hədəflərdən bəhs edilib. Tədbir iştirakçıları əvvəlcə Quba şəhərindəki Mədəniyyət və İstirahət Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub.Ardınca tədbirin rəsmi hissəsi başlayıb. Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər. Çıxışlarda YAP-ın yaranmasının Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan partiya ötən 34 il ərzində ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli birliyin qorunmasında və ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərə də diqqət çəkiblər. Bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açıb. Bu gün Azərbaycan beynəlxalq müstəvidə mövqelərini gücləndirən, milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlət kimi çıxış edir.Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası müasir dövrün çağırışlarına uyğun fəaliyyətini davam etdirərək dövlət siyasətinin həyata keçirilməsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verir. Tədbirin sonunda YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya üzvü fəxri fərmanla təltif olunub. Partiya sıralarına yeni qəbul edilən üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib. Rəsmi hissə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Tədbir Quba rayonunun Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin ifaçılarının iştirakı ilə təşkil olunan bədii proqramla davam edib.