QUBADA MÜƏLLİM ƏMƏYİNƏ YÜKSƏK DƏYƏR

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçiləri ilə görüşlər keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşlərin əsas məqsədi təhsil işçilərinin əməyinə verilən dəyəri ifadə etmək, onların peşəkar fəaliyyətini və əldə etdikləri nailiyyətləri təqdir etməkdir. Sentyabrın 28-dən başlanan görüşlər çərçivəsində, o cümlədən ucqar yaşayış məntəqələrində çalışan, fəaliyyəti və yüksək nəticələri ilə fərqlənən müəllimlərlə görüşlər keçirilir, onlar Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunurlar. Növbəti görüşlər Quba rayonunda keçirilib. Görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruhiyyə İsrafilova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba sektoru üzrə müdiri Pərviz Nurməmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsinin sədri Vüsalə Kərimova iştirak ediblər. Görüşlər zamanı təhsil sahəsində əldə olunan yüksək nailiyyətlər diqqətə çatdırılıb. Respublika Fənn Olimpiadasında qızıl medal qazanan şagirdlərin müəllimləri – Susayqışlaq kənd ümumorta ümumtəhsil məktəbinin müəllimi Orxan Bədirxanov və Əliməmmədoba kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Firuzə Şahverdiyeva ilə görüş keçirilib, onların pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. Həmçinin 2026-cı ildə keçirilən sertifikasiya imtahanında texnologiya fənni üzrə ən yüksək nəticə göstərən Küpçalqışlaq kənd ümumorta ümumtəhsil məktəbinin müəllimi Səadət İsayeva təbrik edilib. Görüşlər çərçivəsində uzun illər təhsil sahəsində fəaliyyət göstərən, 65 illik yubileyini qeyd edən Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı üzvü Sərdar Cəfəri ilə də görüş keçirilib. Bununla yanaşı, həmkarlar ittifaqı fəaliyyətində fəallığı ilə seçilən, nümunəvi ilk təşkilat sədrlərindən biri olan Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin ilk təşkilat sədri Pərviz Əhmədovun fəaliyyəti də diqqətə çatdırılıb. Görüşlər zamanı müəllimlərin təhsil sahəsindəki əvəzsiz rolu vurğulanıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.