QUBADA BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNİN İTKİN-ŞƏHİDİ DƏFN OLUNDU

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçisi Vəliyev Murad Məlikməmməd oğlunun meyitinin qalıqları 12 sentyabr 2025-ci il tarixdə şəhidin doğulduğu Nütəh kəndinə gətirilərək dəfn olunub. Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, digər rayon rəsmiləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əvvəlcə şəhid Quba şəhərinin girişində rayon ictimaiyyəti tərəfindən izdihamla qarşılanıb. Sonra Nütəh kəndində Murad Vəliyevin ailəsinin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra onun kənd qəbirstanlığında dəfn mərasimi olub. Qeyd edək ki, 5 aprel 1971-ci il tarixdə anadan olan Murad Vəliyev müxtəlif döyüşlərdə iştirak edib və 4 mart 1994-cü il tarixdə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür.