QUBADA “QƏRBİ AZƏRBAYCAN İRSİ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
Baxış sayı: 34
Quba rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının üzvləri, Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olundu. Tədbirdə Qərbi Azərbaycan İrsi ilə bağlı videoçarx nümayiş olunmuş, çıxış edənlər bildirmişdir ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasətinin son dalğası nəticəsində 300 minə yaxın insan öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb.Çıxış edənlər bildirdilər ki, ermənilərin törətdikləri bu əməllər təkcə tarixi ədalətin deyil, beynəlxalq hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO konvensiyalarının və digər mühüm sənədlərin də kobud şəkildə pozulmasıdır.