QUBADA ÜMUMRAYON TOPLANTISI KEÇİRİLİB

 Quba rayonunda dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı ümumrayon toplantısı keçirilib.

Qubada Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə 3 fevral 2020-ci il tarixdə keçirilən Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı ümumrayon toplantısında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar iştirak ediblər. Toplantıda çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, son illərdə respublikamız sosial-iqtisadi inkişaf sahəsində yüksək tarixi nailiyyətlər qazanıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların uğurlu icrasının nəticəsində ölkəmizin hər bir guşəsində böyük layihələr həyata keçirilib. Hazırda ölkəmiz iqtisadi inkişaf sürətinə və digər mühüm sosial-iqtisadi göstəricilərə görə nəinki regionun lider dövlətidir. Respublikamızda müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar ölkəmizin daha da tərəqqisinə və xalqımızın maddi-rifah halının davamlı olaraq yaxşılaşdırılmasına xidmət edir. İcra başçısı xüsusi vurğulayıb ki,sahibkarlığın inkişafı dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunur. Son illər ərzində sahibkarlara dövlət tərəfindən böyük məbləğdə güzəştli kreditlər, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilib. Hazırda respublikamızda bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də şəffaflığın artırılması, kölgə iqtisadiyyatı ilə mübarizə, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilməkdədir. Hər kəs yaxşı bilməlidir ki, vergilərin ödənilməsi vətəndaşın dövlətə olan hörmətinin və sədaqətinin əsas göstəricilərindən biridir. Hər bir şəxs, xüsusilə də iş adamlarımız qanunla nəzərdə tutulan vergiləri ödəməklə öz respublikasının,yaşadığı rayonun iqtisadi inkişafına, dövlətinin tərəqqisinə töhfə verir. Yığıncaqda Quba rayonu üzrə vergi sahəsindəki vəziyyət barədə 3 saylı ərazi vergilər idarəsinin rəisi Sərxan Məmmədov çıxış edib. Qeyd olunan sahədəki nailiyyətlər və mövcud problemlər yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. “Qubaekoaqrar” kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin direktoru Şahin Orucov isə çıxışında dövlətin sahibkarlığa dəstəyinin əhəmiyyətindən danışıb.Açıq diskussiya şəraitində keçirilən toplantıda sahibkarları narahat edən məsələlər dinlənib.Məmur-sahibkar münasibətlərinin müasir tələblər səviyyəsində,şəffaflıq şəraitində qurulmasının vacibliyi vurğulanıb.